Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntiharın "on dördüncü mərtəbəsi": adam nə qədər parçalanmış baş görər?
Tarix: 16-05-2018 | Saat: 11:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


İntiharın "on dördüncü mərtəbəsi": kim məsuliyyət daşıyır?
 
Sumqayıt şəhəri 9-cu mikrorayonunda yerləşən 14 mərtəbəli binanın damı artıq “intihar yuvası” kimi “məşhurlaşıb”. İki gün əvvəl 17 yaşlı Faiq Rüstəmov adıçəkilən binanın damına çıxaraq intihar edib. Son hadisə axırıncı dörd-beş ayda adıçəkilən binada qeydə alınmış üçüncü intihar olayıdır. Üstəlik, əvvəlki illərdə də “intihara qucaq açmış” 14 mərtəbəli binanın damından bir neçə şəxs özünü atıb.

“Ölçü götürən yoxdur...”
 
 
Xəbəraz.Az xəbər verir ki,Həmin binada və ətraf evlərdə yaşayan sakinlər lent.az-a bildiriblər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq, binanın damına qıfıl vurulması ilə bağlı heç bir tədbir görülməyib. Sakinlərin sözlərinə görə, hər gün həyətdə səksəkə ilə gəzirlər:
 
“Hər gün yuxudan qorxu içərisində oyanırıq. Adam öz həyətində nə qədər parçalanmış baş, ətrafa çilənmiş qan laxtaları görər?! Burada dəli kimi yaşayırıq. Ölçü götürən yoxdur. Başqa binalara qıfıl vurulur, amma bizim dama baxan yoxdur”.
 
 
Başqa bir sakin isə deyir ki, binada liftlərin işləməməsi də əlavə problem yaradır. Digər “blok”larda lift işləmədiyi üçün həmin “blok”ların sakinləri gəlib “intihar pilləkənləri” ilə binanın damına çıxır və oradan öz bloklarına keçirlər.
 
Bəs Mənzil İstismar İdarəsi nə deyir?
 
 
“İntihar yuvası”na çevrilmiş binaya baxan Mənzil İstismar Xidmətinin əməkdaşı ilə söhbətləşirik. Adını açıqlamaq istəmir. Səbəbini də “prostoy” işçi olması ilə əlaqələndirir. 14 mərtəbəli binanın texniki işlərini həyata keçirən və adını açıqlamayan şəxs deyir ki, həmin binanın damının qıfıllanması və insanların yuxarı çıxmalarının qarşısını almaq qeyri mümkündür. Səbəbini soruşuruq:
-Niyə mümkün deyil?
 
-Biz bu binanın damına düz altı dəfə qıfıl vurmuşuq. Amma hər dəfə gəlib görmüşük ki, qıfılı sındırıblar. Nə edirik, faydası olmur.
 
-Kimlər sındırır?
 
-Bilmirik. Kim sındıracaq, dama çıxanlar.
 
-Bəs deyirlər lift işləmir, sakinlər də damdan başqa “blok”lara çıxmaq üçün istifadə edirlər?
 
-Lift hazırda işləyir. Problem yoxdur.
 
Liftə qalxırıq. İşləyib-işləməməyini yoxlayırıq. On ikinci mərtəbəyə kimi işləyir. Amma “tross”ları elə silkələnir ki, qayıdıb liftlə düşmək istəmirik. Pilləkənlərlə aşağı enirik.
 
Narkomanların yuvası...
 
 
Binanın damına bir mərtəbə qalmış pəncərələri uçuq dəhlizin vahiməsi isə lap dəhşətlidir. Yuxarı mərtəbələrə qalxdıqca pilləkənlərdə şprislər, iynələr adamın başını gicəlləndirir. Sakinlər də deyir ki, gecələr yuxarı mərtəbələrin dəhlizləri səs-küylü olur. Qəhqəhə, vahiməli səslər bütün binaya yayılır. Hətta yeniyetmələr də deyir ki, gecə saatlarında binaya yad insanlar çıxır ki, onların da çoxunu ilk dəfə görürlər. Hətta yaşlı bir sakin də şprislərdən narahat olduğunu dilə gətirir:
“İynə-şpris varsa, deməli buraya narkomanlar da gəlir. Bura bizim həyətimizdir. Qorxuludur, nəvələrimiz, uşaqlarımız var. Özlərində olmazlar, uşaqlara xətər yetirərlər. Buraya baxan yoxdur, sanki yiyəsiz binadır”.
 
 
Selfi, intihar və yuxarıdan aşağı...
 
 
Sakinlər deyir ki, Sumqayıt şəhərində “14 mərtəbə” adı artıq məşhurdur. Hər kəs şəhərin mənzərəsinə baxmaq istəsə buraya axışır. Yaxınlıqda satıcı işləyən xanım isə deyir ki, liftləri işləməyən binanın pilləkənləri həmişə “qonaqlı-qaralı” olur:
 
“Uşaqlar, yeniyetmələr, naməlum insanlar buraya gəlir. Yuxarı qalxanda bütün şəhər ayağının altında görünür. Selfi çəkirlər. Artıq neçənci dəfədir ki, burada intihar hadisəsi olur. Özlərini oradan (əli ilə Faiqin özünü atdığı yeri göstərir) atır. Düz “blok”un qapısı ağzına düşür. Qan görməkdən qorxuya düşmüşük. Nə qədər intihar olar”.
 
Satıcının dükanına müştəri kimi gəlmiş yaşlı bir xanım isə satıcının sözlərinə əlavə edir:
- Əvvəllər selfi çəkmək üçün dama çıxanlar depressiyaya düşəndə intihar üçün buraya gəlirlər.
 
 
İntiharın "on dördüncü mərtəbəsi"
 
 
İntiharın on dördüncü mərtəbəsidir bura. Ard-arda iki gənc oğlan, ardınca orta yaşlı bir kişi... Bunlar son həftələrin intiharıdır. Doqquzuncu mikrorayonun doqquzuncu binasına hətta ətraf yerlərdən, Faiqin timsalında Tağıyev qəsəbəsindən gəlib özünü atanlar da var. Amma indiyədək intiharların əsas səbəbi olan “qıfıl düyünü”nə görə heç bir aidiyyatı qurum cəzalandırılmayıb. Sakinlər belə deyir. Rafiq adlı məhəllə sakini isə bildirir ki, baş verən intiharlara görə bir nəfər cəzalandırılsaydı, sonrakı intiharlar da baş verməzdi:
 
“Prokurorluq əməkdaşları intihar olan kimi buraya gəlirlər. "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılır. Amma bircə nəfər cəzalandırılsa, ora yepyekə bir qıfıl vurarlar ki, heç kim də sındıra bilməz. Heç qıfılı sındıranlarla bağlı ölçü götürülmür. Polis araşdırsa, kimlərin sındırdığı müəyyən olunsa, həmin şəxslər həbs edilsə, başqalarına da görk olar”.
 
 
Sahə müvəkkili məzuniyyətdədir...
 
Sakinlərin bütün şikayət və ittihamlarına cavab tapmaq üçün yaxınlıqdakı binada yerləşən sahə müvəkkilinin qapısını döyürük. Qapı bağlıdır. “JEK” işçiləri deyir ki, sahə müvəkkili Emil Şirəliyev artıq bir neçə gündür ki, məzuniyyətdədir. Telefonla əlaqə saxlamaq cəhdlərimiz isə boşa çıxır.
 
 
Faiqin ölümünə görə “JEK” cəzalanacaqmı?
 
 
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevlə əlaqə saxlayıb iki gün öncə 14 mərtəbəli binadan özünü atan  17 yaşlı Faiq Rüstəmovun cinayət işi ilə bağlı məlumatlar əldə etməyə çalışırıq. Pərviz Əliyevdən baş vermiş intihar hadisəsinə görə, daha doğrusu, silsilə intihar olayları ilə əlaqədar olaraq binanın aid olduğu Mənzil İstismar Sahəsi əməkdaşlarından kiminsə məsuliyyətə cəlb olunub-olmayacağını soruşuruq. Sumqayıt prokurorunun böyük köməkçisinin cavabı qısa olur:
“Hadisə iki gün əvvəl olub. Cinayət işi açılıb. İstintaq gedir. Davam edən istintaq haqqında şərh verə bilmərəm. Qanunla istintaqa üç-dörd ay vaxt verilir. Hər şey detallı araşdırılır. İntiharın səbəbləri öyrənilməlidir. Bu hadisədə kimlərin təqsiri varsa, qanunla nəzərdə tutulmuş qaydada barələrində ölçü götürüləcək”.
 
Gözləyək...Kimlərin cəzalanıb cəzalanmayacağını zaman göstərəcək. Amma intiharın "on dördüncü mərtəbəsi"nə qıfıllı düyün vurulmasa, o zaman diz əsdirən ölümlərin ardı gələcək. Bu gün 14 mərtəbəli vahiməli binanı qorumaq, gəncləri, yeniyetmələri qorumaq deməkdir. Gəncləri qorumaq hüquq-mühafizə orqanlarının işidir, yoxsa Mənzil İstismar Sahəsinin? Bu sualın məsuliyyətini boynuna götürən cəsarətli kimsə ortaya çıxmır...




Xəbəri paylaş

1 1858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___