Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ
Tarix: 15-09-2019 | Saat: 12:39
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil | çapa göndər

Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır?
Yeni tədris ilinin başlanması bir çox valideynlər üçün həm də uşaq bağçası problemini aktuallaşdırıb. Böyük uşağını məktəbə qoyan ailələr yaşca kiçiklərin bağçaya yerləşdirmək üçün cəhdlər edərkən ciddi problemlə üzləşirlər. Çünki dövlət bağçalarında, xüsusən də nisbətən təmirli, normal şərtləri olan bağçalara uşaq yazdırmaq ciddi problemə çevrilib. Bəzən evinin yaxınlığında yerləşən uşaq bağçasına müraciət edəndə bu cavabla qarşılaşırsan: “Yaxın 2 il üçün yerimiz doludur. Boşuna gözləməyin”.

Amma bəzən boşuna gözləmək əvəzinə direktora müəyyən miqdarda, adı “şirinlik” olan qeyri-rəsmi ödənişi, yəni rüşvəti ödəyəndən sonra o bağçada uşaq üçün yer də tapılır, çarpayı da, hətta müəllimə ştatı da peyda olur. Və heç bir valideyn bununla bağlı şikayət etmək istəmir. Çünki şikayət avtomatik olaraq uşağın onsuz da bağçaya qəbul edilməməsi ilə nəticələnəcək, işləyən valideyn uşağını yerləşdirmək üçün əlavə əziyyət çəkəcək və sair.

Bəs problemi necə həll etməli?

Araşdırmalar göstərir ki, Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçaya gedir. İşləyən valideynlər isə əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Bundan başqa, uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir.

Qışa hazırlıq və elektron qaydada qəbul - ümidləri doğruldacaqmı?

Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə BŞİH başçısı tərəfindən sərəncam imzalanıb müvafiq komissiya yaradılıb.

Sərəncama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Bu ilin aprel ayında rəsmi məlumat yayıldı ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssisələrə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirədə rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək, bu istiqamətdə işlər davam edir.

Hazırda ölkədə 1672 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası var. Bu say məktəbəqədər təhsil müəssisələrinə getməli olan uşaqların hamısını tam əhatə etmir. 1672 uşaq bağçasında ümumi plan yeri 125 mindir. Bu da bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Bu, kifayət qədər az rəqəmdir. Bakıda 350-yə yaxın məktəbəqədər təhsil müəssisəsi var. Son illər ərzində Heydər Əliyev Fondu tərəfindən bu sahədə ciddi şəkildə təmir, tikinti-bərpa işləri aparılıb. Yeni bağçalar müasir standartlara cavab verir. Burada tərbiyə və tədrislə məşğul olanlar arasında müasir bilik və bacarığa malik olanlar azdır.

2017-ci ildə Milli Məclis tərəfindən qəbul edilən “Məktəbəqədər təhsil haqqında” Qanunun əsas tələblərindən biri o idi ki, bu təhsil müəssisələrində yalnız ali təhsili olan şəxslər çalışmalıdır. Ekspertlər narazılıq edir ki, bizim müəssisələrdə çalışan 20 min müəllimin 40 faizi orta ixtisas təhsillidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. 10 faizinin ümumiyyətlə, təhsili yoxdur.

Xatırladaq ki, uşaq bağçaları 2011-ci ilin dekabrına qədər Təhsil Nazirliyinin tabeçiliyində olub. Bu tarixdən isə Nazirliyin tabeliyindən alınaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib. Məktəbəqədər təhsil müəssisələrinin Nazirliyin tabeliyindən çıxarılmasının bu sahədə olan problem və şikayətlərə yol açdığını demək olar.

Uşaq bağçalarının icra hakimiyyətlərindən alınması məsələsi ilk dəfə Təhsil Nazirliyi tərəfindən də gündəmə gətirilib. Nazirlik bunu qurumun ümumtəhsilin ilk pilləsi olan uşaq bağçalarına nəzarət funksiyasını yerinə yetirə bilməməsi və buna görə də məktəbə hazırlığın səviyyəsinin aşağı düşməsi ilə əsaslandırır.

Qeyd edək ki, bir sıra ekspertlər də hesab edirlər ki, bağçalar nazirliyin tabeliyinə verilməlidir.

Kimlər bağça aça bilər?

Azərbaycanda xeyli sayda özəl uşaq bağçaları da var. Qanunvericilik də uşaq bağçası açmaq üçün sahibkarlara müəyyən imkanlar verir. 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Həmin fərmanla təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.

Məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir. Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir.

1 günlük ərzaq norması 1 manat 65 qəpik olsa da....

“Yeni Müsavat”ın sorğusuna əsasən, Azərbaycanda aylıq ödənişi ən aşağı olan uşaq bağçaları üçün 200 manat nəzərdə tutulub. Amma lüks uşaq bağçaları var ki, onların aylıq ödənişi 500-1000 manat civarındadır.

Maraqlıdır, bəs ümumən normativlərə əsasən, uşaq bağçalarındakı qida rasionunun məbləği nə qədərdir?

Bir neçə il öncə Bakı Şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, hazırda dövlət büdcəsində 1 uşağın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nəzərdə tutulub. Nazirlər Kabinetinin standartlarına əsasən isə həmin məbləğ 3 manatdan yuxarı olmalıdır.
“Yeni Müsavat”

0



1348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___